SON DƏQİQƏ

Nazir müavini: "Azərbaycan və Özbəkistan birgə IT-hab yaradılması ilə bağlı danışıqlar aparır" - MÜSAHİBƏ

Reshane Quliyeva 04/08/2025

Azərbaycan və Özbəkistan müxtəlif istiqamətlərdə əməkdaşlığı fəal şəkildə inkişaf etdirirlər. Belə sahələrdən biri rəqəmsal texnologiyalar və informasiya-kommunikasiya həlləridir. Tərəfdaşlıq biometrik sistemlərin tətbiqindən və birgə IT-layihələrindən tutmuş startap ekosistemlərin və rəqəmsal infrastrukturun inkişafına qədər genişspektrli istiqamətləri əhatə edir.

Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Oleq Pekos müsahibəsində ikitərəfli münasibətlərin rəqəmsal sahədə mövcud vəziyyəti, həyata keçirilən layihələr və yeni texnologiyaların birgə inkişaf perspektivləri barədə danışıb.

- Azərbaycan və Özbəkistan arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın əsas istiqamətləri hansılardır?

- Azərbaycan və Özbəkistan rəqəmsal texnologiyalar sahəsində praktiki əməkdaşlıq üçün böyük potensiala malikdir. Hazırda isə bu dialoqun konkret fəaliyyətlərə keçə biləcəyi başlıca istiqamətləri müəyyən etmək olar. Prioritet layihələrdən biri “MyID Palm” texnologiyasının tətbiqi ola bilər. Sistem ovuc damarlarının unikal nümunəsini skan etməklə onu tanıyır və ödəniş əməliyyatını həyata keçirir. Bu texnologiya artıq Özbəkistanda tətbiq olunur. Bu həll xüsusilə ictimai nəqliyyatda, tibb və təhsildə aktualdır.

Bundan əlavə, Bakıda birgə pilot layihənin işə salınması və sonradan genişləndirilməsi təklif olunur. Özbəkistan texnologiya və işlənmiş yanaşmaları təqdim etməyə hazırdır. Azərbaycan isə onu öz SIMA rəqəmsal identifikasiya və imza platforması ilə inteqrasiya etməlidir. Mühüm addım məlumatların saxlanması və qorunması məsələləri də daxil olmaqla, texniki uyğunluq üzərində birgə iş olacaq. Belə bir layihə texnoloji həllərin mübadiləsi də daxil olmaqla, daha geniş rəqəmsal əməkdaşlıq üçün əsas ola bilər.

- Rəqəmsal transformasiyanın hansı aspektlərində Özbəkistan Azərbaycanın təcrübəsindən istifadə edə bilər? Azərbaycanın hansı təşəbbüsləri Özbəkistan üçün daha maraqlıdır?

- Startapların və rəqəmsal innovasiyaların dəstəklənməsi sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində “IT Park Uzbekistan” və “Sabah.Hub” (Azərbaycan) arasında birgə IT-habın yaradılması ilə bağlı aktiv danışıqlar aparılır. Bu, birgə startapların və innovativ layihələrin dəstəklənməsi, iki ölkənin ekspertlərinin iştirakı ilə təlim və akselerasiya proqramlarının keçirilməsi, perspektivli layihələrin aşkarlanması və onların beynəlxalq bazarlara çıxarılmasına yönəlmiş birgə hakatonların, "startup weekends" və demo günlərinin keçirilməsi üçün platforma olacaq.

“IT Park Uzbekistan”ın vençur bölməsi olan “IT Park Ventures” birgə akselerasiya proqramlarında iştirak edən startapların birgə maliyyələşdirilməsi, ixrac potensialı olan layihələrə yönəlmiş birgə investisiya alətlərinin, məsələn, birgə investisiya fondunun (co-investment fund) yaradılmasına açıqdır. Həmçinin, Azərbaycan və Özbəkistan startaplarının hər iki ölkədən və üçüncü bazarlardan investor sindikatları cəlb edə biləcəkləri beynəlxalq investisiya raundlarında iştirak məsələləri üzrə Azərbaycanın vençur fondları və institusional investorları ilə dialoqa maraq göstərilir.

- İki ölkə arasında məlumat, tədqiqat və texnoloji həllər mübadiləsi üçün vahid rəqəmsal platformanın yaradılması planlaşdırılırmı?

- Şübhəsiz, Azərbaycan və Özbəkistan arasında məlumat, tədqiqat və texnoloji həllərin mübadiləsi üçün vahid rəqəmsal platformanın yaradılması ideyası son dərəcə aktual və perspektivli görünür.

Özbəkistanda son illər ərzində dövlət idarəçiliyində sürətli rəqəmsal keçid həyata keçirilib. Rəqəmsallaşma ictimai həyatın əsas sahələrini əhatə edib. Bu gün dövlət xidmətlərinin əksəriyyəti vətəndaşlara elektron formatda təqdim olunur. Eyni zamanda, əhali tərəfindən bu xidmətlərdən istifadə səviyyəsi daim artır ki, bu da yeni rəqəmsal alətlərə olan etimaddan və onların effektivliyindən xəbər verir.

Digər Məqalələr